Tələbələrin köçürülməsi ilə bağlı təlimlər davam edir
08 iyul tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində orta ixtisas təhsil müəssisələrinin əməkdaşları üçün tələbələrin köçürülməsi prosesi ilə bağlı təlim keçirilib.
Təlim zamanı iştirakçılara köçürülmə prosesinin elektron portal vasitəsilə təşkili və sistemdə tətbiq olunan yeniliklər barədə məlumatlar təqdim olunub. Həmçinin tələbələrin təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istədikləri hallarla bağlı müzakirələr aparılıb.
Təlimdə ölkənin 12 orta ixisas təhsil müəssisəsindən direktor, direktor müavini və tələbələrin köçürülməsi prosesi üzrə məsul şəxslər olmaqla, ümumilikdə 28 nəfər nümayəndə iştirak edib.
Qeyd edək ki, həftə ərzində digər orta ixtisas təhsil müəssisələrinin əməkdaşları üçün də təlimlərin təşkili nəzərdə tutulur.