Hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində azərbaycanlı tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrində, əcnəbi tələbələrin isə Azərbaycan ali təhsil müəssisələrində təhsil alması üçün müvafiq imkan yaradılıb. 1970-1980-ci illərdə hazırlanan mütəxəssislər müstəqil Azərbaycanın, əcnəbi məzunlar isə təmsil etdikləri ölkələrin iqtisadi, siyasi və mədəni inkişafında mühüm rol oynayıb və nailiyyətlərin əldə olunmasına öz töhfələrini veriblər. Təsadüfi deyildir ki, həmin dövrdə ölkəmiz Asiya, Afrika və Latın Amerikası dövlətlərinin vətəndaşları üçün əsas təhsil mərkəzlərindən birinə çevrilib və Azərbaycanın bir çox xarici dövlətlərlə münasibətlərinin qurulmasında və möhkəmləndirilməsində məhz həmin kadrların müstəsna xidmətləri olub.
Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin yerli ali təhsil müəsssələrinə (ATM) qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
2019-cu ildə istifadəyə verilən studyinazerbaijan.edu.az internet səhifə xarici ölkə vətəndaşlarının Azərbaycan universitetlərində təhsili barədə rəsmi məlumat mənbəyi kimi fəaliyyət göstərir.