Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası baş tutub

8 iyul 2025-ci il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, texnika elmləri doktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası baş tutub.

Xəbərlər

İclasda dissertasiya mövzularının müzakirəsi ilə yanaşı, Şuranın Əsasnaməsinə uyğun olaraq onun qarşısında duran digər vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələr zamanı alimlərin mükafatlandırılması mexanizmlərinin formalaşdırılması, elm və ali təhsil müəssisələrində rəqəmsal repozitoriyaların yaradılması və bu repozitoriyaların mərkəzi sistemə inteqrasiyası imkanları müzakirə olunub.

Eyni zamanda, yerli elmi jurnalların dəstəklənməsi, yeni elmi jurnalların təsis olunması və “Open Access” formatında beynəlxalq jurnallarda nəşrlərin sayının artırılması yolları barədə fikir mübadiləsi aparılıb. İclasda, həmçinin ali təhsil və elmi müəssisələrin nüfuzlu elmi məlumat bazalarına mərkəzləşdirilmiş qaydada çıxış imkanlarının təşkili məsələsinə də toxunulub.

Şura üzvləri elmin inkişafı baxımından beynəlxalq konfransların təşkili qaydaları, elmi layihələrin maliyyələşdirilməsi mexanizmləri və Şuranın arxiv bazasının formalaşdırılması ilə bağlı öz təkliflərini səsləndiriblər.

İclasın sonunda 36 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim olunmuş və Şuranın katibliyi tərəfindən sistemləşdirilmiş 300-dən çox dissertasiya mövzusuna dair rəy və təkliflər dinlənilib. Təqdim edilən dissertasiya mövzuları açıq səsvermə yolu ilə təsdiq edilib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.