Naxçıvan Dövlət Universitetində info-sessiyalar keçirilib
Fevralın 25-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində (NDU) Naxçıvan MR-nın elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiyalar keçirilib.
İnfo-sessiyalarda Naxçıvanda yerləşən elm və ali təhsil müəssisələrinin əməkdaşları və tələbələr olmaqla ümumilikdə 200-dən çox şəxs iştirak edib.
Tədbirdə Agentliyin Beynəlxalq Əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı elm və ali təhsilin beynəlmiləlləşməsi, beynəlxalq reytinqlərdə iştirak, dövlət xətti ilə (HTP) xaricdə təhsil imkanları, beynəlxalq tələbələrin Azərbaycanda təhsil imkanları, mübadilə proqramları, NDU-da əcnəbi tələbələrin sayının artırılması və qabaqcıl xarici universitetlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi kimi mövzularda sessiya iştirakçılarına məlumat verib.
Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşı Nərminə Abdullayeva isə "Scopus AI ilə tədqiqat bacarıqların inkişafı" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda “Scopus” elmmetrik bazasında əhatəli ədəbiyyat və etibarlı jurnal axtarışı strategiyaları, tədqiqat trendlərinin, istinadların və tədqiqat təsirlərinin təhlili, “Scopus”un süni intellekt alətindən səmərəli istifadə etməklə tədqiqata ayrılan vaxta qənaət və s. kimi mövzular əhatə olunub.
Hər iki təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.