Kollec rəhbərləri üçün audit, hüquqi tənzimləmə və idarəetmə
Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün Şəki şəhərində təşkil olunan təlimlərin növbəti günü audit, maliyyə nəzarəti və hüquqi tənzimləmə mexanizmlərinə həsr olunub.
Təlimin ilk hissəsində audit prosesinin mahiyyəti, daxili audit və kənar dövlət maliyyə nəzarəti anlayışları izah edilib, xüsusi vəsaitlərin formalaşma mənbələri və istifadə qaydaları barədə məlumat verilib. Audit zamanı ən çox rast gəlinən nöqsan halları, dövlət əmlakına münasibətdə qanunvericilik tələbləri və inventarizasiya prosesində nəzərə alınmalı vacib məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
İkinci hissədə əmək və inzibati qanunvericilik məsələləri müzakirə olunub. Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqi və məhkəmə təcrübəsi izah edilib, kargüzarlıq haqqında təlimatın, “Vətəndaşların müraciətləri haqqında” və “İnzibati icraat haqqında” qanunların tələblərinə uyğun müraciətlərin cavablandırılması və inzibati icraat mexanizmləri təqdim olunub. Həmçinin təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili qaydaları barədə məlumat verilib.
Bununla yanaşı, orta ixtisas təhsili müəssisələrinin strateji inkişafı və strateji inkişaf planlarının hazırlanmasının əsas prinsipləri müzakirə edilib. Təlimin sonunda iştirakçılar fərdi tapşırıqları yerinə yetirib, nəticələr əsasında qiymətləndirmə aparılıb.
