HTP tələbələri ilə onlayn görüş keçirilib
2026/2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan, Çin Xalq Respublikası və Rumıniyada təhsil almaq hüququ qazanmış Azərbaycan vətəndaşları ilə onlayn görüş keçirilib.
Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zülfiyyə Şəfiyeva, Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Güldanə Dadaşova, “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin nümayəndəsi Aytən Oruclu və “Azərbaycan-Çin Məzunlar Assosiasiyası”nın sədri Lala Ağayeva iştirak ediblər.
Görüş zamanı tələbələrin xaricdə təhsil və akademik fəaliyyət imkanları, elmi tədqiqat istiqamətləri, eləcə də təhsil müddətində qarşılaşa biləcəkləri təşkilati məsələlər müzakirə olunub. Tələbələrə təhsil alacaqları ölkələrdə sənədləşmə və hüquqi prosedurlarla bağlı tövsiyələr verilib.
Eyni zamanda, görüşdə tələbələrə təhsil aldıqları ölkələrdə Azərbaycanın mədəni irsinin və tarixi dəyərlərinin tanıdılması, ölkəmizin layiqincə təmsil olunması və vətənpərvərlik dəyərlərinin təşviqinin əhəmiyyəti vurğulanıb və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə HTP çərçivəsində Macarıstanda 104, Çin Xalq Respublikasında 20, Rumıniyada isə 7 Azərbaycan vətəndaşı təhsil almaq hüququ qazanıb. Təqaüdçülər sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində, ölkənin sosial-iqtisadi inkişafı üçün prioritet hesab olunan ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
