ETƏŞ-in növbəti iclası keçirilib

İyunun 10-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) növbəti iclası keçirilib.

Xəbərlər

İclasda 28 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş və Şuranın katibliyi tərəfindən sistemləşdirilmiş 250-dən çox dissertasiya mövzusuna dair Şura üzvlərinin rəy və təklifləri nəzərdən keçirilib. Müzakirələrin yekununda təqdim olunmuş dissertasiya mövzuları açıq səsvermə yolu ilə yekdilliklə təsdiqlənib.

Həmçinin, iclasda Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov tərəfindən “Rəqəmsal Repozitoriyaların İnkişafına Dəstək” layihəsi çərçivəsində hazırlanmış ilk açıq çıxışlı rəqəmsal repozitoriya təqdim olunub. Qeyd edilib ki, platforma laboratoriya avadanlıqları barədə məlumatları vahid rəqəmsal bazada birləşdirərək tədqiqatçıların mövcud elmi infrastruktura çıxış imkanlarını genişləndirir.

Hazırda platformada 30 müəssisəyə məxsus 2000-ə yaxın laboratoriya avadanlığı barədə məlumat yerləşdirilib. Təşəbbüsün elmi-tədqiqat fəaliyyətinin inkişafına və mövcud resurslardan daha səmərəli istifadəyə töhfə verəcəyi bildirilib.

Daha sonra “Research Horizon Navigator” platforması təqdim edilib. Platformanın dissertasiya mövzularının müəyyənləşdirilməsi prosesində orijinallığın və elmi yeniliyin qorunmasına, eləcə də tədqiqat fəaliyyətində təkrarçılıq hallarının qarşısının alınmasına dəstək verəcəyi qeyd olunub.

Müzakirələrin yekununda rəqəmsal həllərin elmi fəaliyyətə inteqrasiyasının genişləndirilməsi və təqdim olunan platformalardan istifadənin təşviqi istiqamətində müvafiq qərarlar qəbul olunub.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.