Daha bir universitetimiz “QS dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nə daxil olub
Bakı Dövlət Universiteti “Neft və qaz sahəsində mühəndislik” üzrə dünyanın ən yaxşı 150 universiteti siyahısına daxil olub. Sözügedən siyahı dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən dərc olunur.
Beləliklə, “QS 2024 dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”ndə Azərbaycan 4 istiqamət üzrə və 4 ali təhsil müəssisəsi ilə təmsil olunur. Bakı Dövlət Universitetindən başqa bu reytinqə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (“Neft və qaz sahəsində mühəndislik”, 101-150), Azərbaycan Dillər Universiteti (“Müasir dillər”, 301-340) və Azərbaycan Dövlət İqtisad Universiteti (“İqtisadiyyat və ekonometrika”, 351-400 və “İctimai elmlər və menecment”, 501-550) də daxildir.
Qeyd edək ki, “QS dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nin qiymətləndirmə metodologiyasında 5 əsas indikator – akademik nüfuz, işəgötürənlər arasında nüfuz, nəşr üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi nəzərə alınır. Reytinqdə 5 geniş fənn sahəsi və 55 dar fənn kateqoriyası üzrə təhlil aparılır.