Azərbaycan və Gürcüstan rektorları panellərdə iştirak ediblər
Noyabrın 16-da Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində hər iki ölkənin ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə panel müzakirələri təşkil olunub.
“Gürcüstan–Azərbaycan ali təhsil əməkdaşlığı: dialoqdan strateji tərəfdaşlığa” mövzusunda keçirilən ilk paneldə universitetlərarası əlaqələrin inkişafı, akademik əməkdaşlığın genişləndirilməsi, birgə təhsil və elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.
“Ali təhsilin transformasiyası, innovasiya və regional inkişafın aparıcı qüvvəsi kimi universitetlər” mövzusuna həsr olunan ikinci paneldə isə universitetlərin innovasiya və regional inkişafda rolu, elmi tədqiqatların təşviqi, ali təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı tələbə və müəllim mobilliyinin genişləndirilməsi, universitetlər arasında təcrübə mübadiləsinin təşviqi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə yeni tərəfdaşlıq imkanları diqqət mərkəzində olub.
Panel müzakirələri Azərbaycan və Gürcüstan universitetləri arasında akademik əlaqələrin inkişafı və gələcək birgə təşəbbüslərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
