Akademik məzuniyyət
Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları
Tələbələrə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:
1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;
2. ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə) - 2 il müddətinədək;
3. səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla);
4. sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;
5. dövlət proqramları və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;
6. xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək.
Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və ya payız semestrindən) buraxılırlar.