QS Avrasiya Forumunda Azərbaycan təcrübəsi
Özbəkistanın Daşkənd şəhərində keçirilən QS Avrasiya Forumunun açılış panelində Azərbaycan təcrübəsi təqdim edilib. Açılış paneli Şərq və Qərb arasında körpü rolunda Avrasiya ali təhsil məkanının əhəmiyyətinə həsr olunub.
Panel sessiyada çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycanda ali təhsilin beynəlmiləlləşməsi və elmi-tədqiqatın təşviqi istiqamətində aparılan islahatlar barədə məlumat verib, həmçinin Avrasiya regionunda ali təhsilin gələcək inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.
Sessiyada həmçinin Ajman Universiteti (Birləşmiş Ərəb Əmirlikləri), Əl-Fərabi adına Qazax Milli Universiteti (Qazaxıstan) və Oş Dövlət Universitetinin (Qırğızıstan) rektorları müvafiq sahələr üzrə öz təcrübələrini təqdim ediblər.
Qeyd edək ki, QS Avrasiya Forumu Quacquarelli Symonds qlobal reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilir.
