“THE” fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 4-ə çatıb

Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün sahələr üzrə fənn reytinqləri dərc olunub.

News

11 fənn sahəsi üzrə dərc olunan reytinqə Azərbaycandan daxil olan universitetlərin sayı ilk dəfə 4-ə yüksəlib. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti müvafiq sahələr üzrə reytinqdə yer alıblar. Qeyd edək ki, 2 universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti) müvafiq fənn reytinqlərinə ilk dəfə bu il daxil olublar.

Əlavə olaraq, Azərbaycan universitetlərinin təmsil olunduğu fənn sahələrinin sayı da ilk dəfə 4-ə yüksəlib. Belə ki, “Mühəndislik” və “Fizika elmləri” sahələri ilə yanaşı, bu ildən Azərbaycan “Biznes və iqtisadiyyat” və “Sosial elmlər” sahələri üzrə də aşağıdakı kimi təmsil olunur:

✅ Mühəndislik – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti;

✅ Fizika elmləri – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti;

✅ Biznes və iqtisadiyyat – Azərbaycan Dövlət İqtisad Universiteti;

✅ Sosial elmlər – Azərbaycan Dövlət İqtisad Universiteti.

Qeyd edək ki, THE-nin fənn reytinqlərinin qiymətləndirmə metodologiyasında 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır.