ICSEGT 2026 beynəlxalq konfransı öz işinə başlayıb
2–3 iyun tarixlərində Bakıda “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar 2026” (ICSEGT 2026) beynəlxalq elmi konfransı keçirilir. Dünyanın müxtəlif ölkələrindən alim və tədqiqatçıları bir araya gətirən konfrans çərçivəsində yaşıl texnologiyalar, süni intellekt, bərpa olunan enerji, davamlı inkişaf və digər aktual elmi istiqamətlər üzrə müzakirələr aparılır.
Beynəlxalq elmi konfransda çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ali təhsil və elmi tədqiqat sahəsində əsas prioritetlərdən birinin keyfiyyətli elmi nəticələrin əldə olunması və onların nüfuzlu beynəlxalq jurnallarda dərc edilməsi olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, son illərdə Azərbaycan alimlərinin beynəlxalq elmi bazalarda təmsilçiliyi genişlənib və hazırda ölkənin 25 yerli elmi jurnalı “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq indeks bazalarında yer alır. Həmçinin bu jurnallardakı məqalələrin “Springer” nəşriyyatında dərc olunduğu və “Scopus” kimi bazalarda indeksləndiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra elmi fəaliyyətin qiymətləndirilməsində məqalələrin keyfiyyəti, istinad göstəriciləri və elmi təsir amilinin mühüm rol oynadığı vurğulanıb.
Sonda beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və elmi fəaliyyətin keyfiyyət göstəricilərinin artırılması istiqamətində bu kimi konfransların əhəmiyyəti qeyd olunub.
