Azərbaycanın ali təhsil təcrübəsi QS sammitində təqdim olunub

Macarıstanın Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” sammiti çərçivəsində Azərbaycanın ali təhsil sahəsində həyata keçirdiyi təşəbbüslər, universitetlərin inkişaf təcrübəsi və beynəlxalq əməkdaşlıq imkanları müxtəlif sessiyalarda təqdim olunub.

News

Sammit çərçivəsində təşkil olunan “Ali təhsilin strateji resurs kimi rolu: Rəqabətqabiliyyətlilik, insan kapitalının inkişafı və iqtisadi yüksəliş üzrə dövlət siyasəti” adlı sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova spiker qismində çıxış edib.

Çıxışı zamanı Ülkər Səttarova müasir dövrdə ali təhsil yalnız bilik ötürən sistem deyil, həm də insan kapitalının inkişafını, innovasiyaların yaranmasını və ölkələrin qlobal rəqabətqabiliyyətliliyini təmin edən əsas strateji resurslardan biri olduğunu bildirib.

Ülkər Səttarova çıxışında universitet-sənaye-hökumət əməkdaşlığının inkişafına xidmət edən Yüksək Texnologiyalar Parkının fəaliyyətini, praktiki rəqəmsal bacarıqların inkişafına yönəlmiş “IT SkillSprint” proqramını, beynəlxalq təcrübənin ölkənin ali təhsil sisteminə transferinə xidmət edən dövlət proqramlarını və ikili diplom layihələrini xüsusi vurğulayıb.

O, həmçinin ali təhsil və elmin inkişafında nəticəyönümlü yanaşmaların əhəmiyyətindən danışaraq elmin maliyyələşdirilməsi, tədqiqat fəaliyyətinin stimullaşdırılması, universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və regional akademik tərəfdaşlıqların inkişafı istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb. Çıxışda Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində regional akademik əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələr də diqqətə çatdırılıb.

Sammit çərçivəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də “Elmi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda keçirilən panel sessiyada çıxış edib. O, universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyətinin inkişafı, akademik mobilliyin təşviqi və qlobal tərəfdaşlıqların əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Çıxış zamanı Bakı Dövlət Universitetinin beynəlxalq layihələrdə iştirakı, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri və universitetin qlobal akademik məkanda mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər təqdim olunub.

Qeyd edək ki, sammit çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda ölkəmizin ali təhsil sistemi, universitetləri, beynəlxalq tələbələr üçün yaradılan imkanlar və xarici tərəfdaşlarla əməkdaşlıq perspektivləri beynəlxalq auditoriyaya təqdim olunur.

Media