“Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir” beynəlxalq konfransı keçirilir

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir” adlı iki günlük beynəlxalq konfrans keçirilir.

News

Konfransın məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə, eləcə də əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsinin aparılmasıdır.

Tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri ilə yanaşı, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edir.

Konfransda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universitetinin prorektoru Bakıt Altınbaşov çıxış ediblər.

Çıxışlarda ali təhsilin qarşısında duran müasir çağırışlar, o cümlədən rəqəmsallaşma, süni intellektin təhsilə inteqrasiyası, tədrisin keyfiyyətinin artırılması, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, innovasiya və tədqiqat fəaliyyətinin inkişafı, həmçinin qlobal rəqabət şəraitində milli ali təhsil sistemlərinin mövqeyinin möhkəmləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Açılış mərasimindən sonra konfrans işini plenar sessiyalar və müxtəlif tematik istiqamətləri əhatə edən bölmə iclasları ilə davam etdirib.

#EATDA #AzərbaycanUniversiteti

Media