Gürcüstanda Azərbaycanın ali təhsil imkanları təqdim olunub
13–14 iyun tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Study in Azerbaijan” layihəsinin nümayəndələri tərəfindən Gürcüstanda yaşayan azərbaycanlı məktəblilər, tələbələr, müəllimlər və təhsil ictimaiyyətinin nümayəndələri üçün “Azərbaycanda təhsil imkanları” mövzusunda məlumat sessiyaları keçirilib.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə təşkil olunan görüşlərin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı gəncləri Azərbaycanın ali təhsil imkanları, qəbul prosedurları, müraciət qaydaları və xarici vətəndaşlar üçün mövcud dəstək mexanizmləri barədə məlumatlandırmaq olub.
Qardabani, Marneuli və Bolnisi şəhərlərində baş tutan sessiyalarda ümumilikdə 250-dən çox məktəbli, tələbə, müəllim və valideyn iştirak edib. Görüşlər Qardabani Təhsil və İnteqrasiya Mərkəzində, Marneulidə Azərbaycan Evində, Bolnisidə isə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində təşkil olunub.
Sessiyalar zamanı iştirakçılara Azərbaycanda ali təhsil almaq imkanları, əcnəbi vətəndaşlar üçün qəbul prosesi, müraciət mərhələləri, ixtisas seçimi və universitetlərin təqdim etdiyi akademik imkanlar barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçıların sualları cavablandırılıb, onlara qəbul prosesi ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
Görüşlərdə Azərbaycan ali təhsil müəssisələrində əcnəbi tələbələr üçün yaradılan akademik, mədəni və sosial mühit, tələbə həyatı, beynəlxalq tələbələrə göstərilən dəstək xidmətləri və ölkəmizdə təhsil almağın üstünlükləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Study in Azerbaijan” layihəsi Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə təşviqi, xarici tələbələrin ölkənin ali təhsil müəssisələrinə cəlb olunması, eləcə də namizədlərin qəbul prosesi ilə bağlı operativ və düzgün məlumatlandırılması istiqamətində fəaliyyət göstərir. Layihə çərçivəsində müxtəlif ölkələrdə yaşayan gənclər üçün maarifləndirici görüşlərin təşkili davam etdirilir.
