ELMİ ETİKA KODEKSİ
Elmi etika və akademik dürüstlük kodeksinin (bundan sonra ─ Kodeks)
Kodeksin hüquqi bazası
Elmi etika və akademik dürüstlük kodeksinin (bundan sonra ─ Kodeks) hüquqi bazasını Azərbaycan Respublikasının “Elm haqqında” Qanunu, aidiyyəti olan digər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”, həmçinin dünyada elmi etika və akademik dürüstlüklə bağlı qəbul olunmuş norma və prinsiplər təşkil edir.
Kodeksin məqsədi
Kodeksin əsas məqsədi tədqiqatçıların, elm və ali təhsil müəssisələrinin etik davranış qaydaları üzrə minimum standartları müəyyən etmək, tədqiqatlar üçün tənzimləmə mexanizmləri formalaşdırmaq, tədqiqatın planlaşdırılmasından nəşrinədək bütün mərhələlərdə elmi etikaya və akademik dürüstlüyə riayət olunmasını və tədqiqat mühitində məsuliyyətli idarəetmənin qurulmasını təmin etməkdir.
Kodeksin əhatə dairəsi
Kodeks aşağıdakı fəaliyyət növlərinə və materiallara şamil edilir:
- dissertasiyalar, elmi məqalələr və digər nəşrlər;
- tədqiqat zamanı toplanmış məlumatlar və verilənlər bazaları;
- proqram təminatı, kod və alqoritmlər;
- laboratoriya və sahə qeydləri;
- qrant və layihə hesabatları;
- təqdimatlar;
- tədqiqatın nəticələrini əks etdirən digər elmi materiallar.
Elmi etikanın əsas prinsipləri
Tədqiqat prosesində iştirak edən fərdlər, eləcə də müəssisə və təşkilatlar öz fəaliyyətlərində aşağıdakı prinsipləri rəhbər tutmalıdırlar:
· Etibarlılıq – eyni tədqiqat resurslarından istifadə etməklə əldə edilən nəticələrin dəqiqliyinin və sabitliyinin təmin olunması, eləcə də tədqiqatın təkrarlana bilməsi;
· Akademik dürüstlük – tədqiqatın bütün mərhələlərində faktların, metodların və nəticələrin dürüst təqdimatı, düzgün istinad, şəffaf, ədalətli və qərəzsiz yanaşmanın təmin olunması;
· Obyektivlik – tədqiqat apararkən və nəticələri təhlil edərkən şəxsi mülahizələrdən uzaq durmaq, qərəzsiz yanaşmaq;
· Müəlliflik - əməyə hörmət, başqalarının ideyalarını mənimsəməmək, plagiatın qarşısını almaq;
· Hörmət – həmkarların, tədqiqatçıların, cəmiyyətin, mədəni irsin və ətraf mühitin qorunmasına hörmət göstərilməsi;
· Məsuliyyət – tədqiqatın planlaşdırılmasından nəşrinədək bütün mərhələlərinə və onun nəticələrinə, cəmiyyətə və iştirakçılara qarşı məsuliyyətli olmaq, etik qaydalara riayət etmək;
· Şəffaflıq – Tədqiqat nəticələrinin və istifadə olunan məlumatların mümkün qədər əlçatanlığının təmin edilməsi. Tədqiqat metodlarını, istinad və maliyyə mənbələrini açıq şəkildə göstərmək;
· Maraq toqquşmasının qarşısının alınması – şəxsi, maliyyə və ya institusional maraqların tədqiqatın obyektivliyinə təsir göstərə biləcəyi (və ya belə görünə biləcəyi) vəziyyətlərə yol verilməməsi;
· İstinad və sitat qaydalarına riayət – digər müəllifin ideya, məlumat və mətnindən istifadə edərkən mənbənin uyğun standartla göstərilməsi;
· Məlumatların idarə edilməsi – məlumatların toplanması, saxlanması, qorunması, paylaşılması və arxivləşdirilməsi üzrə planlı yanaşma.
Tədqiqat mühitinin yaradılması
Elmi müəssisə və təşkilatlar sağlam tədqiqat mühitinin yaradılması üçün etik dəyərlər üzrə maarifləndirmə aparmalı, bərabərlik və inklüzivliyi dəstəkləməlidir. Etik normaların pozulması ilə bağlı məsələlərin ədalətli və şəffaf şəkildə araşdırılması üçün daxili qaydalar tətbiq olunmalıdır. Tədqiqat materiallarına çıxış təmin edilməli, onların qorunması və idarə olunması üçün uyğun texniki infrastruktur qurulmalı, tədqiqatın izlənə bilməsi, təkrar aparılması və hesabatlılığı təmin olunmalıdır. Bununla yanaşı, müxtəlif stimullaşdırıcı və təşviqedici tədbirlərlə elmi mühitin sağlamlaşdırılmasına, beləliklə, elmin inkişafı üçün sağlam rəqabət mühitinin yaradılmasına nail olunmalıdır.
Təlim və mentorluq dəstəyinin göstərilməsi
Tədqiqat müəssisəsi tədqiqatçıların etik və dürüst iş prinsiplərinə əməl etməsini təmin etmək üçün təlimlər və mentorluq imkanları təqdim etməlidir.
Məlumatın əlçatanlığının təmin edilməsi
Tədqiqat müəssisəsi bütün tədqiqat materiallarını qoruyub saxlamalı, düzgün idarə etməli və istifadəsini mümkün qədər açıq təmin etməlidir. Zəruri hallarda istifadə məhdudlaşdırıla bilər.
Müəllif öhdəlikləri
Nəşrlərdə müəlliflərin sıralaması əvvəlcədən razılaşdırılmalı, hər müəllifin gördüyü iş açıq göstərilməli, həmçinin maddi və resurs dəstəyi barədə məlumat təqdim edilməlidir:
· Müəlliflik ardıcıllığının elmi qurumda qiymətləndirilməsi aparılmalıdır. Qiymətləndirmə zamanı təqdim olunan elmi işlərdə müəlliflərin ardıcıllığına xüsusi diqqət yetirilməli və müəllif sıralamasının elmi işə verilən real töhfəni əks etdirməsi əsas prinsip kimi nəzərə alınmalıdır.
· Zərurət yarandıqda müəlliflərin töhfələri (contribution) üzrə qısa yazılı bəyanat tələb olunmalı və müəllif sıralamasının töhfə prinsipi ilə uyğunluğu şübhə doğurduqda izahatın təqdim edilməsi və uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq düzəlişlərin edilməsi tövsiyə edilməlidir.
· Müəllif adı elmi işdə göstərildiyi hər bir halda həmin işin elmi məzmununa, metodoloji düzgünlüyünə, nəticələrin etibarlılığına və etik tələblərə riayət olunmasına görə məsuliyyət daşımalıdır. Müəlliflik yalnız faktiki elmi töhfə və nəticələrə birbaşa töhfə verən iştirak əsasında formalaşmalı, “formal” və ya “töhfəsiz” müəlliflik hallarına yol verilməməlidir. Bundan əlavə, elmi müəssisənin fəaliyyət istiqaməti və profili ilə uyğunluğu əsas meyar kimi nəzərə alınmalı, müəssisənin elmi mandatına, prioritetlərinə və ixtisaslaşmasına aidiyyəti olmayan, kənar mövzulu məqalələrdə əməkdaşların adlarının müəllif kimi göstərilməsi qəbuledilməz hesab edilməlidir. Belə hallarda müəllifin töhfəsi, mövzu uyğunluğu və iştirakının əsaslandırılması tələb olunmalı, uyğunsuzluq aşkar edildikdə isə bu cür müəlliflik praktikalarının qarşısının alınması məqsədilə institusional tədbirlər tətbiq edilməlidir.
İcra mexanizmi
Elmi müəssisə və təşkilatların müvafiq əməkdaşları “Elmi etika kodeksi”ni imzalamalıdırlar.
Akademik dürüstlüyün pozulması halları
Tədqiqatda dürüstlük prinsiplərinin pozulmasına aşağıdakı hallar daxil edilir:
· Saxtalaşdırma – mövcud olmayan məlumat və nəticələrin yaradılıb real kimi təqdim edilməsi;
· Təhrif – mövcud məlumat və nəticələrin qəsdən dəyişdirilməsi, manipulyasiya edilməsi və ya silinməsi;
· Plagiat – digər tədqiqatçılar tərəfindən aparılmış iş və ya irəli sürülmüş fikirlərin düzgün istinad edilmədən istifadə edilməsi, eləcə də müəllifin özünün nəşr olunmuş və ya nəşr olunmaq üçün qəbul edilmiş elmi işlərindən istinad qaydalarına (özünə istinad) uyğun olmayan formada istifadəsi;
· Təkrar nəşr − tədqiqat nəticələrinin daha əvvəl nəşr olunması barədə məlumat vermədən bir neçə dəfə nəşr etdirmək və ya nəşr etdirməyə cəhd göstərmək;
· Hissələrə ayırma − eyni tədqiqatın nəticələrini tədqiqatın bütünlüyünü pozacaq formada hissələrə ayıraraq bir neçə dəfə nəşr etdirmək və ya nəşr etdirməyə cəhd göstərmək;
· Dəstəkləyən təşkilat haqqında məlumat verməmək − dəstəklənərək (qrant, layihə, fond dəstəyi və s.) həyata keçirilən tədqiqatların nəticələrini ehtiva edən təqdimat və ya nəşrlərdə dəstək göstərən təşkilat haqqında məlumatın yer almaması;
· Haqsız müəlliflik − birdən çox tədqiqatçı ilə aparılan tədqiqat nəticələrinin paylaşıldığı təqdimat və ya nəşrdə əməyi olanların adının müəllif kimi göstərilməməsi, əməyi olmayanların müəllif olaraq əlavə edilməsi və ya müəllif sıralamasının uyğun olmayan formada göstərilməsi;
· Resursların səmərəsiz istifadəsi − təmin olunmuş tədqiqat vasitələrindən (kimyəvi maddələr, reaktivlər, cihazlar və s.) tədqiqatın məqsədinə uyğun olmayan formada istifadə edilməsi və ya sui-istifadə hallarına yol verilməsi;
· Səlahiyyətlərdən sui-istifadə və qərəzli davranış − elmi işin hazırlanması və qiymətləndirmə proseslərində iştirak edən rəyçi, məsləhətçi, elmi rəhbər və s. kimi vəzifələri yerinə yetirən şəxslərin müvafiq qaydalara uyğun davranmaması və səlahiyyətlərdən sui-istifadə hallarına yol verilməsi;
· Rəy və qiymətləndirmə prosesinə qanunsuz müdaxilə – dissertasiya, elmi məqalə və digər elmi işlərin ekspertiza, rəy (müsbət və ya mənfi) və elmmetrik göstəricilərin (h-indeks, istinad və s.) süni yollarla artırılması proseslərinə bilavasitə və ya digər əlaqələrdən istifadə etməklə müdaxilə olunması.
Etik davranış qaydalarının pozulması və sui-istifadə
hallarına qarşı mübarizə
Tədqiqat mühitinin və cəmiyyətin maraqlarının qorunması məqsədilə pozuntu halları ədalətli və şəffaf şəkildə araşdırılmalıdır. Araşdırma prosesi aşağıdakı prinsiplərə əsaslanmalıdır:
· Araşdırmada iştirakçıların məxfiliyi təmin edilməlidir;
· Araşdırmada iştirak edən şəxslər mövcud və ya potensial maraq toqquşmalarını əvvəlcədən açıqlamalıdır;
· Dürüstlük pozuntusu ilə bağlı prosedurlar şəffaf olmalı və nəticələr ictimaiyyətə açıqlanmalıdır;
· İctimai nəzarətin bir forması olaraq ictimaiyyətin öz rəylərini ifadə etməsi üçün ictimai qınaq və ya sosial tənqid mexanizmi tətbiq olunmalıdır;
· Davranış qaydalarını pozmaqla ittiham olunan şəxslərə iddiaların təfərrüatları təqdim edilməli, onlara cavab vermək və sübut təqdim etmək imkanı təmin edilməlidir.
Əqli mülkiyyət hüququnun qorunması
Azərbaycan Respublikasında əqli mülkiyyət hüququnun qorunması “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Elm haqqında”, “Patent haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənir.
**********************
Mən, ________________________________ aşağıdakı imzamla “Elmi Etika Kodeksi”ndə göstərilən bütün prinsiplərə, qaydalara və prosedurlara riayət edəcəyimi təsdiq edirəm.
İmza: __________________________
Tarix: __________________________
