Tələbələrin köçürülməsi
Ali və orta ixtisas təhsil müəssisələrində tələbələrin köçürülməsi qaydaları
Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi
Ali təhsil müəssisələrində normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.
Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin qəbul imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından çox olsun.
Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi eyni ixtisas qrupu daxilində aparılır.
Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi tələbənin əvvəl təhsil aldığı tədris dilinə uyğun aparılır.
Qeyd: Tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisnadır.
Ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.
Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Magistratura səviyyəsində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə təhsil müəssisəsini dəyişməsi o şərtlər aparılır ki, həmin tələbənin magistraturaya qəbul imtahanında topladığı bal, dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşması) üzrə minimal keçid balından (tələbənin magistraturaya qəbul olunduğu il üzrə) çox olsun.
Qeyd 1: Magistratura səviyyəsində təhsil alan tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir.
Qeyd 2: Magistratura səviyyəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Təhsil müəssisəsini, ixtisasını dəyişən tələbələr (dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini, təhsilalma formasını dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən tələbələr istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilən məbləğdə təhsil haqqı ödəyir.
Təhsilalma formasının dəyişdirilməsi tələbənin ali təhsil müəssisəsinə qəbul olduğu tədris ilində həmin ixtisas (ixtisaslaşma) üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda həyata keçirilir.
Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsi yalnız həmin müəssisənin nizamnaməsində nəzərdə tutulduğu halda həyata keçirilir.
Ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının 2-ci mərhələsində) iştirak etməyən və ya iştirak edib xarici ali təhsil müəssisələrinə tam orta təhsil haqqında dövlət sənədi (attestat) əsasında qəbul olunan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınır:
1. beynəlxalq səviyyəli imtahanlarda və ya təhsil aldığı ölkədə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında qazandığı nəticələr (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);
2. tələbənin ali təhsil müəssisəsinə qəbul olunduğu ildə həmin ali təhsil müəssisəsinin “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ilk 500 pillədə yer alması.
Qeyd: Xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə dəyişməsi yalnız həmin proqramlar çərçivəsində təhsilinə xitam verildiyi halda həyata keçirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbənin təhsil müəssisəsinin, ixtisasının, təhsilalma formasının dəyişdirilməsi zamanı onun tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının və ali təhsil müəssisəsinə qəbulu üçün verdiyi qabiliyyət imtahanının nəticələri nəzərə alınır.
Orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi
Orta ixtisas təhsil müəssisələrində normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.
Orta ixtisas təhsil müəssisəsində təhsil alan tələbənin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında (tam orta təhsil səviyyəsindən qəbul olunanların tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında, ümumi orta təhsil səviyyəsindən qəbul olunanların isə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) topladığı bal (təhsil aldığı kolleci daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazidə yerləşən kollecə öz ixtisası üzrə dəyişmək istədiyi halda topladığı balın 1,5 misli), orta ixtisas təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi orta ixtisas təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından çox olsun.
Orta ixtisas təhsil pilləsində təhsil alan tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsil üzrə ixtisasların Təsnifatı” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.
Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi tələbənin əvvəl təhsil aldığı tədris dilinə uyğun aparılır.
Qeyd: Tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisnadır.
Orta ixtisas təhsil müəssisəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Ümumi orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olunmuş və ikinci tədris ilini başa vurmamış tələbələrin təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbənin təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi zamanı onun buraxılış imtahanının və orta ixtisas təhsil müəssisəsinə qəbulu üçün verdiyi qabiliyyət imtahanının nəticələri nəzərə alınır.
Təhsil müəssisəsini, ixtisasını dəyişən təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilən məbləğdə təhsil haqqı ödəyir.
Qeyd: Dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini, təhsilalma formasını dəyişən tələbələr istisnadır.
Təhsilalma formasının dəyişdirilməsi tələbənin orta ixtisas təhsil müəssisəsinə qəbul olduğu tədris ilində həmin ixtisas üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda həyata keçirilir.
Xüsusi təyinatlı orta ixtisas təhsil müəssisəsinin tələbəsinin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsi yalnız həmin müəssisənin Nizamnaməsində nəzərdə tutulduğu halda həyata keçirilir.