Təhsil haqqı

Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

Information

“Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

1. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

2. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;

3. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;

4. dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;

5. dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

6. dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları.